Reklam verin!

Elşad Miri

Ya olduğun kimi görün, ya da göründüyün kimi ol...


Blog Haqqında

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

müsəlman  tolerantlıq  allah  muhəmməd  quran 

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 199
  • Dünənki hit: 1
  • Bugünki hit: 6
  • Ümumi hit: 758

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Bütün dövrlərin peyğəmbəri: HƏZRƏTİ MUHƏMMƏD

Uca Allah hər dövrdə insanlara öz aralarından seçdiyi peyğəmbərlər göndərib. İlk peyğəmbər Həzrəti Adəm, sonuncu peyğəmbər isə Həzrəti Muhəmməddir. Hər iki peyğəmbərin arasında çox sayda elçilər gəlib-keçib. Amma sonuncu Elçi özündən əvvəlkilərlə müqayisədə fərqli xüsusiyyətlərə malik idi. Ondan öncəki peyğəmbərlər müəyyən bir xalqa, millətə, Həzrəti Muhəmməd isə bütün bəşərə göndərilmişdi. Onun peyğəmbərliyi ümumbəşəri və universal idi. Həzrəti Muhəmmədin gətirdiyi prinsiplər öz dövrü ilə yanaşı, özündən sonrakı qiyamətə qədər davam edəcək zamanı da əhatə edirdi.
İslamdan əvvəl dünyanın heç bir tərəfində səadət və əmin-amanlıq olmadığı kimi, xeyir və fəzilətin adını ağzına alan belə yox idi.Yalnız gücü olan haqlı idi. Şəhərlər dağıdılır, yaşayış yerləri xarabazara çevrilirdi. Dünyanın hər yerində iğtişaşlar baş verirdi. İctimai və siyasi həyat iflic vəziyyətdə idi. Hər yerdə zalımlar zəifləri əzirdi. İnsanlar sinfi ayrı-seçkiliyə məruz qalırdı. İnsan biznesi çiçəklənirdi, qadın əşya kimi bir əldən başqa ələ ötürülürdü. Ədalətsizlik, zülm hər tərəfi bürümüşdü. Dünya böyük bir burulğanda idi. Heç kim heç kimə etibar etmirdi. Hər kəs qorxu içində yaşayırdı. İnsanlar qan gölündə dünyalarını dəyişirdilər. Bəşər onu bu çirkablardan xilas edəcək Xilaskarın yolunu gözləyirdi. Dünyanın hər tərəfində əxlaqsızlığın əxlaqın üzərinə çökdüyü bir dövrdə, rəzilliyin yaradılanların ən mükəmməli olan insanların bir növ həyat tərzinə çevrildiyi ərəfədə, tarixçilərin «cahiliyyə dövrü» adlandırdıqları bir zamanda Həzrəti Peyğəmbər dünyaya gəldi.

Həzrəti Muhəmməd (s) bəşəriyyətin üfüqünə bir günəş kimi çıxdı. Bəşəri qaranlıqdan nura çıxardı. Həm də 23 il kimi qısa vaxt ərzində bunları Allahın köməyi ilə bacardı. Həyata keçirdiyi böyük İslam inqilabı ilə 13 il Məkkədən, 10 il də Mədinədən bütün dünyaya tövhid, iman, sevgi, hörmət və ədalət dərsi keçdi. Ülvü hissləri və ümumbəşəri prinsipləri təlqin etdi. İnsanların ürəklərində gerçəkləşdirdiyi inqilabla onların beyinlərindəki xurafat və mövhumat sistemlərini alt-üst edərək, yerini iman və tövhidlə paklaşdırdı.
İctimai həyatdakı reallaşdırdığı inqilabla nəsil-nəcabət, rəng, dil, cins, məqam, vəzifə və yerlibazlıq imtiyazlarını aradan qaldıraraq, bütün inanan insanları qardaş elan etdi. Zəifin əlindən tutaraq əzənlə eyni səviyyəyə yüksəltdi. Şəhvət və əyləncə aləti kimi istifadə edilən qadını ailə həyatının sultanı, cəmiyyətin əsas üzvünə çevirdi.
İqtisadi sahədəki icraatları ilə oğurluq və faiz kimi haqsız qazanc yollarını əmək, sərmayə və qazanc sistemi ilə əvəzlədi.
Əxlaq sahəsindəki inqilabla qumar, içki, pozğunçuluq, yalan, qeybət və zülm kimi bütün ibtidai davranışları qadağan etdi. Bunların yerinə isə azadlıq və iffət uniforması olan hicabı, sevgini, comərdliyi, yardımlaşmağı, gülərüzlülüyü, şirin dilliliyi, ciddiliyi gətirdi.
Həzrəti Muhəmməd (s) insanlara təqdim etdiyi bütün bu gözəl xüsusiyyətləri ən mükəmməl şəkildə öz həyatında yaşadı. Həyat yoldaşı Həzrəti Peyğəmbərin əxlaqını, tərbiyəsini soruşanlara: «Onun əxlaqı Quran əxlaqı idi», - cavabını vermişdi. Onu göndərən Allah da peyğəmbərinin əxlaqlı olduğunu bildirib: «Doğrudan da, sən böyük bir əxlaq sahibisən!» («Qələm» surəsi, 4).
İnsanlar bu ilahi nurdan uzaqlaşdıqca əvvəlki cahiliyyə dövrünə xas olan adət-ənənələrə daha da yaxınlaşdı. Elm və texnologiyanın inkişaf etməsinə baxmayaraq, təəssüflər olsun ki, bəşərin əxlaq baxımından gəldiyi nəticə ürəkaçan deyil. Hər cür rifahın yaşandığı texnologiya əsrinin insanları hər şeydən çox şikayət etdiyi yenə də stress, və mənəvi böhrandır.
Yenə də gücü olanın haqlı olduğu bir dövrü yaşayırıq. İnsana vəzifəsinə, puluna, şöhrətinə, gücünə görə dəyər verildiyi, insan haqlarının güclülərə şamil edildiyi bir zamanda həyatımızı yaşayırıq. Bəs nə etməli? Allahın göndərdiyinə ikiəlli sarılmalı, onu özümüzə rəhbər, projektor, kompas qəbul etməliyik.
Həzrəti Peyğəmbərin bizə gətirdiyi cahanşümul mesaj olan Qurani-Kərimə nəzər salanda Allahın bizə ən gözəl nümunə kimi Həzrəti Muhəmmədi göstərdiyini görürük. Uca Allah da Quranda insanlara Həzrəti Peyğəmbəri misal çəkir: «Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» («Əhzab» surəsi, 21). Allahın Rəsulu quru nümunə deyil, hər əmri yerinə yetirilməli, həyata əks etdirilməli bir rəhbərdir. Bunun üçündür ki, Uca Allah Quranda: «Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin» («Həşr» surəsi, 7), «O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq Allahdan nazil olan bir vəhydir» («Nəcm» surəsi, 3-4), - deyə, buyurur.
Buna görə də, Allahın bizə təqdim etdiyi bu böyük Şəxsiyyəti, bu böyük İnsanı yaxşı tanımalı və onu başa düşməli, öyrənməli və öyrətməliyik. Əgər bu əsrdə Onu özümüzə nümunə götürə bilsək, O rəhbər mütləq bizi həqiqi qurtuluşa çatdıracaqdır.
Həzrəti Muhəmmədin gətirdikləri ümumbəşəri prinsiplərdir. Bu prinsiplər hər yerdə, həmişə tətbiq ediləcək xüsusiyyətlərdir. Allahın Rəsulu bir hədisində belə buyurur: «Həqiqi müsəlman əlindən, dilindən başqa müsəlmanların zərər görmədiyi şəxsdir. Həqiqi mühacir də Allahın qadağalarından uzaqlaşandır» (Buxari, «İman», 4). Həzrəti Muhəmməd bu sözü ilə bizə ideal, həqiqi möminin necə olmalı olduğunu bildirir. Həqiqi müsəlman, etibar edilən insandır. Bütün müsəlmanların zərrə qədər şübhələnmədən güvənə bildiyi bir şəxsdir. Hamı bilir ki, həmin adamdan heç kimə zərər dəyməz. Həzrəti Peyğəmbərin hər ifadəsində olduğu kimi, bu hədisində də işlətdiyi hər sözü diqqətlə seçib. Burada əldən və dildən bəhs edir. İnsanın bədən üzvlərindən daha çox bu iki orqanı qeyd etməsi çox mühüm amildir. İnsan başqasına iki cür zərər yetirə bilər. Bu ya üz-üzə, ya da qiyabi, yəni arxasınca olur. Üz-üzə zərər verməyi əl, arxadan yetirilən ziyanı isə dil təmsil edir. İnsan qarşısındakına ya şəxsən toxunaraq hüququnu tapdayar, ya da arxasınca, onun haqqında danışaraq, onun haqqında böhtan ataraq haqqını qəsb edər. Həzrəti Peyğəmbərin sözlərindən də aydın olur ki, hər iki mənfi davranış da müsəlman tərəfindən edilməməlidir. Çünki müsəlman həm qarşısındakına, həm də yanında olmayan insanlara qarşı həmişə xoş niyyətlə davranan insandır. Allahın Rəsulu bu qısa və məzmunlu sözündə dili əldən əvvəl qeyd edib. Çünki əllə ediləcək zərərə qarşı tərəfin dərhal cavab vermə ehtimalı var. Amma hər hansı şəxsin arxasınca edilən qeybət və ya atılan böhtan əksəriyyət etibarilə cavabsız qalır. Dolayısı ilə bu cür hərəkət fərdləri, cəmiyyətləri hətta xalqları bir-birinə düşmən edə bilər. Dillə vurulan zərərlərin aradan qaldırılması, əllə edilənə nisbətən daha çətindir. Buna görə də Rəsulullah (s) dili əldən əvvəl qeyd edib. Həmçinin Həzrəti Peyğəmbərin bu hədisində müsəlmanın Allahın yanındakı dəyərinə və qiymətinə də toxunulub. Müsəlman olmağın Allahın yanında elə bir dəyər və qiyməti var ki, hər bir müsəlman başqasına qarşı həmişə dilinə və əlinə nəzarət etməyi bacarmalıdır. Allahın Rəsulunun qeyd etdiyi hədisini bu cür qısa izah edəndən sonra, çıxarılan nəticəni belə yekunlaşdıra bilərik:
 Həqiqi müsəlman dünya sülhünün ən etibarlı nümayəndəsidir.
 Müsəlman - ruhunun dərinliklərində yaşatdığı bu hissi hər yerdə yaşayar.
 O, heç kimə zərər yetirməz, əksinə hər yerdə əmin-amanlığın təmsilçisi kimi tanınar.
 Onun nəzərində əllə edilən mənfi hərəkətlə dillə deyilən mənfi sözün arasında fərq yoxdur.
Başqa bir hədisdə Həzrəti Peyğəmbər inanan insanı belə təsvir edir: «Sizdən biri özü üçün arzuladığını (din) qardaşı üçün də istəməsə (kamil) iman gətirmiş sayılmaz» (Buxari, «İman», 9; Müslim, «İman», 71, 72; Tirmizi, «Qiyamət», 59), «Bir-birini sevməkdə, bir-birinə mərhəmət göstərməkdə, bir-birinə şəfqət etməkdə möminlərin misalı bir bədən kimidir. Həmin bədənin bir üzvü narahat olsa, digər üzvlər də hərarətlənərək onunla birlikdə yuxusuz qalarlar» (Buxari, «Ədəb», 27; Müslim, «Birr», 66). Allah Rəsulu müsəlmanları bu hədisində bir və bərabər olmalarını çox gözəl misalla izah edib. Möminlərin hər biri eyni bədənin orqanları kimidir. Bədəndə bir orqan, məsələn, barmaq ağrısa, bədən başdan ayağa narahat olar, yuxusuz qalar, eyni ilə mömin də cəmiyyətdəki proseslərə qarşı etinasız yanaşa bilməz. Müsəlman cəmiyyətə şəfqət və mərhəmət hissləri ilə bağlıdır. Bunlar insanlığımız, xüsusilə də imanımıza uyğun olaraq hər mömində olmalı olan hisslərdir. Dolayısı ilə cəmiyyətdəki bir qardaşımızın başına gələn hər hansı hadisədən təsirlənib ona hər cür köməkliyi göstərməliyik.
Allah Rəsulunun bizə miras qoyduğu prinsiplərdən biri də bu hədisdə bildirdiyi amillərdir: «Beş şey gəlməmişdən əvvəl beş şeyin dəyərini yaxşı bilin! Ölüm gəlməmişdən həyatın, xəstəlik gəlməmişdən sağlamlığın, məşğuliyyət gəlməmişdən boş vaxtın, yaşlılıq gəlməmişdən cavanlığın, kasıblıq gəlməmişdən zənginliyin qiymətini bilin».
Burada qısa şəkildə Həzrəti Muhəmmədin bəşərə miras qoyduğu və dəyərini qiyamətə kimi itirməyəcək əsaslardan və prinsiplərdən bir-ikisini qeyd etməyə çalışdıq. Əcəba, bu qeyd etdiyimiz prinsiplərdən hansını günümüzə şamil etmək olmaz, hansı bu dövrdə etibarlı sayılmır?
İçində yaşadığı sıxıntılı burulğandan qurtulub, azadlıq, sülh, əmin-amanlıq və sevgi dünyasında yaşamaq həvəsi ilə axtarış içində olan müasir texnologiya əsrinin insanı, Həzrəti Muhəmmədi (s) və Onun bəşər üçün gətirdiyi cahanşümul mesaj olan Quranı təkrar kəşf etmək yolunda addımlamalıdır ki, xilas olsun.
İnsanlar Həzrəti Muhəmmədi və onun Allahdan gətirdiyi cahanşümul prinsipləri ehtiva edən Quranı həyatlarının amalına çevirdiyi gün həsrətində olduğu əmin-amanlıq şəraitini, mənəvi rahatlığı əldə edəcəkdir. Çünki Quran və Həzrəti Muhəmməd (s) ancaq və ancaq insanların səadəti, xoşbəxtliyi üçün göndərilib.

Elşad MİRİ
elshad@islam.com.az


Bookmark and Share


Bölməsiz
elshadmiri
May 22, 2008 19:54
Baxış sayı: 41
allah muhəmməd quran 
(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog